"Təbliğ"- xəbəri və hər hansı bir məlumatı münasib və təsirli vasitədən istifadə edərək çatdırmaqdan ibarətdir. Müasir dövrümüzdə insanların düşüncələrini və əqidələrini müxtəlif vasitələrin köməyi ilə təsir altına salaraq istənilən tərəfə çəkməklə məşğul olan bir neçə qüvvə mövcuddur.
Amma islamda təbliğdən məqsəd insanları islam hökmləri ilə məarifləndirib, möminlərə müjdə verərək kafirləri əzabla qorxutmaqdan ibarətdir. Qurani-Kərimdə "təbliğ" bir neçə kəlmə ilə öz əksini tapıb. Buna misal olaraq "Bəlağ", "Təbşir", "Təxvif", " Hidayət", "Əmr be məruf və Nəhy əz münkər" (yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək) və.s kimi ifadələri göstərmək olar. Əhzab surəsinin 39-cu ayəsində buyrulur: "O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan baçqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir."
Həmçinin Tövbə surəsinin 71-ci ayələrində buyrulur: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə (s) itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!".
Təbliğin özünəməxsus üslubu və mərhələləri vardır. Onun dairəsi geniş və əhatəlidir. Yaxınlardan başlayaraq ümumi bəşəri əhatə etməklə kifayətlənir. Müqəddəs islam dini Rəsuli-Əkrəmə (s) nazil olduqda Allah Təala ona əmr edir ki, "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş!" (Muddəssir 1-5).
Bu ayələrə diqqət etdikdə təbliğin mərhələlərini görürük. Belə ki, ilk olaraq Rəsuli-Əkrəmə (s) xitab olunaraq təbliğ olunur.
Bundan sonra ailəyə növbə çatır. Ardıcıl olaraq yaxınlar, yaşadığı məntəqə və şəhər daxil olmaqla sonda bütün dünya insanlarını əhatə edir. Təbliğlə məşğul olan şəxs əvvəlcə özünü kamil sifətlərlə zənginləşdirib, öz həyat yoldaşını, övladlarını, yaxınlarını islah etdikdən sonra bütün insanları haqq yoluna dəvət edərək hidayət edə bilər. Hal hazırda bütün kafirlər və münafiqlər birləşərək yalnız bir hədəfi güdürlər. Buda təbliğat vasitələri ilə müsəlmanları öz əqidələrindən puç və dəyərsiz yola çəkməklə həqiqətdən uzaqlaşdırmaqdır.
On dörd əsrlik bir zamanı əhatə edən haqq dini olan islamın xalis niyyətli və fədakar təbliğatçıları tarix boyu bu böyük və ağır yükü öhdələrinə alaraq düşmənlərin hiylələrinin qarşısını dəyanətlə almışlar. İmam Hüseynin (ə) Kərbəlada qanı ilə susuz islama verdiyi can qiyamətə qədər hər bir islam təbliğatçısı üçün tükənməz mənbə və İlahi sərvətdir. Təbliğ zəruri bir məsələ olduğu üçün Allaha təvəkkül edərək möhkəm iradə və xalis niyyətlə bu böyük yolda addım ataq. Ali-imran surəsinin 104-cü ayəsində buyrulur: "(Ey müsəlmanlar!) İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir."
Əgər təbliğ məsələsinə əhəmiyyət verməsək Allahın əzabı ilə rastlaşacayıq. İndiki dövrdə islam təbliğatçılarının məsuliyyətləri olduqca ağırdır. Hər bir yola və imkana əl atan düşmənlərin muqabilində zəiflik göstərmək arzu olunmaz sonluqla nəticələnə bilər. Bizlər əlimizdən gələni etməsək sabah qiyamət günü İlahi dərgahda üzü qara olarıq. Həzrət Əli (ə) buyurub: "Bu gün əməl günüdür, sabah hesab günü. Sabah hesab günüdür əməl günü deyil." Bütün Peyğəmbərlərin (s) və Məsumların (ə) hədəfi insanları hidayət edib qaranlıqdan nura çıxartmaqdan ibarətdir. Əgər bir insan qaranlıqdan nura hidayət olsa elə bil ki, bütün insanlar dirilib.
Çünki, bir saleh insan, insan cəmiyyətini nura çıxartıb islah edə bilər. Maidə surəsinin 32-ci ayəsində buyrulur: "Buna görə də Israil oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim Peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar."
İmam Həsən Əsкəri (ə) buyurub: "Hər kim bir cahili hidayət edib islam şəriətini ona öyrətsə bizimlə birlikdə Allahın yanında olacaq." Rəsuli-Əkrəm (s) səhabəsi Məaza buyurdu: "Əgər Allah sənin əlinlə bir nəfəri hidayət etsə, sənin üçün dünya və onda olanlardan daha yaxşıdır." Hər bir təbliğatçının gördüyü işin əhəmiyyəti olduqca dəyərlidir. Xalis niyyətlə çalışsa Allah Rəsulunun (s) yolunda addım ataraq onun canişini ünvanına sahib olur. Rəsuli-Əkrəmdən (s) sonra Məsum İmamlar (ə) bu İlahi dəyəri həyata keçirərək insanların hidayət tapmaqları üçün hər bir fədakarlıqdan istifadə etmişlər. Allah Təala bizləri Məsumların (ə) yolunu davam etdirməkdə müvəffəq etsin İnşaallah.