Hüzeyfə ibn Yəman
Hüzeyfə hicrətin 36-cı ili Muhərrəm ayının 28-də dünyadan köçüb. Bu böyük səhabə Peyğəmbərin (s) sirrlərinə agah olan şəxslərdən idi. Həmçinin əqəbə səhabələrini də tanıyırdı. (Əqəbə səhabələri o kəslər idi ki, ləylətul-əqəbədə Allah Rəsuluna (s) qarşı terror aktı həyata keçirmək istəyirdilər. Onlar 14 nəfər idi. 9-u Qureyş tayfasından idi.) İmam Baqir (ə) 7 səhabə haqqında belə buyurur: «Yer 7 nəfər üçün dardır. Onların vasitəsilə ruzi yeyirsiniz, kömək alırsınız və onlara görə yağış yağır. O yeddi nəfər – Səlman, Miqdad, Əbu Zərr, Əmmar, Hüzeyfə və s… Bunlar o şəxslərdir ki, həzrət Fatimənin (ə) mütəhhər peykərinə namaz qılıblar».
Hüzeyfə Ömərin xilafəti zamanında onun göstərişi ilə Mədinəyə vali təyin olunmuşdu. Həzrət Əli (ə) zahiri xilafətə başladığı dövrə qədər orada qalıb xidmət göstərdi. Həzrət Əlinin (ə) zahiri xilafətinin 40-cı günündə dünyasını dəyişdi. Hüzeyfənin qəbrinin kənarından illər idi ki, su arxı keçirdi. Getdikcə su qəbrə daha da yaxınlaşdığından qəbrin uçma təhlükəsi yaranmışdı. Buna görə Seyyid Muhəmməd Sədrin zamanında belə qərara gəlindi ki, qəbr açılmadan xüsusi üsulla yeri dəyişdirilsin. Bu iş həyata keçirilən zaman qəbrin üzərinə yerləşdirilmiş daş piltələr dağılır və Hüzeyfənin cəsədi 1300 il keçməsinə baxmayaraq çürüməmiş vəziyyətdə müşahidə olunur. Onun hətta kəfəni də dəyişikliyə məruz qalmamışdı. Amma kəfənin üzərindən yeni bir kəfən büküb Mədaində Səlmanın qəbrinin yanında dəfn etdilər.
Bu səhnəni gözləriylə görən şahidlərdən biri Hüzeyfənin ağ saqqalı olduğunu bildirir. O məntəqənin əhlindən olan hacı İmran Əbu Hüseyn adlı bir şəxs etimad olunan dostlardan biri üçün belə nəql edib: (Bu cümlə «Çürüməyən cəsədlər» kitabının müəllifi Məhdi Pura məxsusdur) «Mən Hüzeyfənin cəsədini gördüm. Sanki cəsəd yeni idi. Həna da qoymuşdu».
Bu əhvalat Nəcəf Üləmaları arasında məşhurdur. Hacı İmran bizim etimad olunan dostumuza deyib ki, mən səhabələrdən ikisinin cəsədini görmüşəm. Onlardan biri Hüzeyfət ibn Yəman idi. O, ikinci səhabənin adını unutduğunu qeyd edib. Bir dəfə Nəcəful-Əşrəfin alimlərindən biri mənə dedi: İkinci səhabə Əbdullah ibn Cabir ibn Əbdullah Ənsari idi. Onu Hüzeyfət ibn Yəman ilə birlikdə Mədainə aparıb dəfn ediblər. Həmin şəxs təkidlə qeyd edirdi ki, mən uzun illər Səlmanın ziyarətinə getmişəm. Orada yalnız bir qəbr – Səlmanın qəbri yerləşirdi.
Bu səhabələri də ora köçürdükdən sonra üç qəbr ziyarət etmişəm. Çoxlu axtarışlardan sonra «Məzarati Əhli-beyt» kitabında bu cümlələrin yazıldığını gördüm: «Fiyzanati Bağdad» kitabında qeyd olunur ki, Dəclə çayının kənarında səhabələrdən iki nəfər – Əbdullah Ənsari və Hüzeyfət ibn Yəman dəfn olunmuşdur. Suyun artıb qəbrlərə yaxınlaşmasını gördükdə bu iki səhabənin qəbri hicri tarixi ilə 1350-ci ildə dövlət tərəfindən Səlman Farsinin qəbrinin kənarına köçürüldü. Əbdullah Cabir ibn Əbdullah Ənsarinin oğludur.
Həbib ibn Məzahir
Həbib Peyğəmbəri (s) görmüş şəxslərdən və böyük səhabələrdən biridir. O, Meysəm Təmmarla yaxın ünsiyyətdə olmuş və Əmirəl-Möminin həzrət Əlinin (ə) müharibələrində o həzrətlə (ə) bərabər iştirak etmişdir. Bu böyük şəxsiyyət ömrünün yaşlı çağında şəhidlər ağası İmam Hüseynin (ə) kiçik ordusuna qoşulub Kərbəla çölündə şəhadət şərbətini içib.
O, Bəni Haşim şəhidlərindən sonra digər şəhidlərdən daha üstün idi. Kərbəlada şəhadətə çatmamışdan öncə o yaşlı vəziyyəti ilə düşmən tərəfdən 62 nəfəri qılıncdan keçirərək böyük qəhrəmanlıq göstərmişdi. Yüksək məqam sahibi olan Həbib ibn Məzahir ayrıca dəfn olunub.
Kərbəla şəhidlərinin dəfn olunmasından 11 əsr keçdikdən sonra Nadir şahın hakimiyyəti zamanında Həbib ibn Məzahirin qəbri onun əmri ilə açılmışdır. Qəbir açıldıqda Həbibin pak cəsədinin heç bir dəyişikliyə məruz qalmadığı müşahidə edilmişdir.
Bu an güclü külək əsməyə başlamış, camaatı qorxu bürümüşdü. Nadir şah isə huşunu itirərək yerə yıxılmışdır. Şah ayılıb özünə gəldikdən sonra çox ağlayıb, peşman olduğunu bildirərək Həbibin qəbrinin üstünü bağlatdırıb, məqbərəni yenidən bərpa etdirmişdir.