Biz Allah üçünük və Allaha tərəfə qayıdacağıq.
Geridə qoyduğumuz Ramazan ayının günlərinin birində sübh namazından sonra bir mömin qardaşla bir az ətrafda gəzmək qərarına gəldik. Söhbətimiz o qədər şirin və bizi özünə çəkmiş idi ki, nə qədər yol getməyimizin fərqində belə, deyil idik. Nəhayət, o qədər yol getmiş idik ki, yaxınlıqda olan məzarlığa gəlib çatmışdıq. Qərara aldıq ki, məzarlığa gedək və bilirik ki, mübarək mətnlərdə məzarlığa getmək tövsiyə olunub. Birincisi, ona görə ki, bu məzarlıqda bir dünya ibrət və dərslər vardır.
İkincisi, ona görə ki, bizim və bütün bəşər övladının bir gün gətiriləcəyi yerdir bura. Birinci məqamda məzarlıqdan ibrət almaq, bu dünya kimi o dünyanın da, olmasını və bu dünyaya bağlanıb o dünyanı unutmamağımızı xatırlamaq vardır. İkinci məqamda isə bilməliyik ki, biz Allah üçünük, Allah tərəfindən göndərilmişik yer üzünə və bir zaman gələcək ki, Allaha tərəf qayıdacağıq. Və nəhayət, orada uyuyanların ruhuna “Fatihə” oxumaq- həm, savab əməldir, həm də, onlar üçün olduqca faydalıdır. Bəlkə də, həmin gün qıldığımız namazları və orucu istisna etsək, ən gözəl əməlimiz bizim məzarlığı ziyarət etməyimiz oldu.
Qəbiristanlıq çox geniş idi. Ucu-bucağı görünməyən bir qəbiristanlıq idi. Oradakı məzarlar bizi düşünməyə və ibrət almağa vadar edirdi. Sanki hər məzar daşına baxdıqda onlar bizə “düşün, quru-quru baxmaqla kifayətlənmə, bura savab qazanmaq üçün gəlmisən, amma, ondan da, mühümmü- ibrət almağındır!” deyirdi. Bu düşüncələrlə addımlayırdım ki, yol-yoldaşı olduğum qardaş dilləndi: “Bunlar da, bir zaman bu dünyada yaşayırdılar.” Bəli, orada uyuyanlar da, bir zamanlar bu dünyada yaşamış, bu dünyanın əhli olmuşlar. Bu dünyada yeyirdilər, içirdilər, gülürdülər, danışırdılar, sevinirdilər, üzülürdülər , yatırdılar, oyanırdılar. Hazırda isə onlar bir zaman yollanmalı olduqları son mənzillərində idilər.
Əsas odur ki, insan bu dünyanın mənzil, xüsusən də, özünün son mənzili olduğunu sanmasın. Evi olmayan, özünə muzdla kirayə ev tutan bir kimsəni xatırlayaq və ibrət alaq. Onlar kirayə qaldıqları mənzildə müvəqqətidirlər, zaman gələcək, ayrılacaqlar, tərk edəcəklər bu mənzili. İnsanın dünyaya, eləcə də, dünyanın insana münasibəti belədir. İnsan da, müvəqqətidir, dünya da. Qəbiristanlıqda uyuyanların kimi 30 il, kimisi 70 il, kimisi 55 il idi ki, orada idi. Kimisi 25 il, kimisi 40 il yaşamışdı, kimisi 80 il, kimisi 70 il, kimisi də, 15 il. Nəhayət ki, bura gətirilmişdilər.
Əcəl bir gün hamını haqlayacaq, Əzrail mələkdən heç kim canını qurtara bilməyəcək. Hamımız- zaman gəldikdə tabutda- çiyinlər üstündə qəbiristanlığa aparılacaq, torpağa qoyulacaq və orada tərk ediləcəyik. Yetər ki, insan dərs ala bilsin, nəticə çıxarsın. Qəbiristanlıqlarda uyuyanlar müxtəlif dünyanın insanlarıdır. Kimisi həyatda ikən idmançı olub. İdman sahəsində nailiyyətlər əldə edib. Bakı birinciliyini qazanıb. Sonra Respublika birincisi olub. Daha sonra dünyada birinci olub. Fəxr edib özü ilə. Nailiyyətləri ilə, medalları, ordenləri, mükafatları ilə, insanların “əhsən”ləri ilə. Ətrafındakı insanlar- qohum-ərqaba, dost-tanış, bacı-qardaş, ata-ana fəxr edib onunla. Məşqçisinin, ailəsinin, dost-tanışının fəxri və sevinci olub. Müxtəlif ölkələrdə yarışlarda olub, rəsmləri müxtəlif ölkələrin idman zallarının divarlarında “şərəf lövhə”lərində, qəzetlərində, jurnallarında olub. Zaman keçib, yaşlaşıb və kariyerasını məşqçi olaraq davam etdirib, tanınmış, dünya şöhrətli, dünya miqyaslı idmançılar yetişdirib. Hazırda isə qəbiristanlıqdadır. Yuxu sona yetib və artıq, o ayılıb. Axır mənzili qəbiristanlıqdır onun.
Kimsi müğənni olub, ömrü-günü qastrol səfərlərdə keçib, müsabiqələrdə iştirak edib, lauriat olub, dünyanın müxtəlif ölkələrində konsertlər verib, adı dillərin əzbəri olub. Nə qədər sevəni, dinləyəni olub. Saysız-hesabsız mahnılar oxuyub, kliplər çəkdirib, audio kasetləri, diskləri çıxıb, albomları işıq üzü görüb, sürücülərin maqnitofonunda, digərlərinin evlərində onun oxuduğu mahnılar dinlənilib, rəsmləri satışa çıxarılıb. İndi isə qəbiristanda uyuyur. Bir zamanlar onu görmək üçün can atan fanatları, indi gəlib onu qəbiristanda görə bilərlər. Bir başqası dövlət məmuru olub. Yüksək vəzifələrdə çalışıb, söz, imza sahibi olub, dövlətin 5 mühüm insanından biri olub, çox insanın işi ondan keçib, kimisinə yaxşılıq edib, kimisi ondan pislik görüb.
İndi isə qəbiristanlıqda uyuyur. Digəri biznesmen olub, pulu başından aşıb, xərcləməyə yer tapmayıb, obyektləri, dükanları, mağazaları, restoranları, şadlıq evləri, bankları, barları, villaları, son model avtomobilləri, konfort həyatı, super yaşayışı olub. Hər gününü “bayram” edib, kimisinə əl tutub, kimisinə əl tutmaqdan çəkinib. Hər gün bir az daha imkanatını genişləndirib, biznesini böyüdüb. İnsi isə qəbiristanlıqda uyuyur. Bütün sərvəti başqalarının əlinə keçib. Bir zamanlar dünyada yaşayan, dünya əhli olan bu insanlar hazırda qəbiristanlıqda uyuyurlar və qəbiristanlığa ziyarətə gələn insanların- onlar üçün “Yasin” oxumasına, “Fatihə” deyib, ruhlarına salavat hədiyyə etmələrinə və onlar üçün dua etmələrinə möhtacdırlar.
Ölülər kimi dirilərin də, Qurana, “Yasin”ə, “Fatihə”yə, salavata ehtiyacı vardır. Allaha ibadət, itaət və tabelik etməyə, layiqli bəndə olmağa, Onu layiqincə zikr etməyə hər birimiz ehtiyaclıyıq. Dirilərin ölülərdən bu mənada fərqi bundadır ki, dirilərin hələ də, imkanları, fürsətləri var. İbadət əhli olmayıblarsa, ibadət etməyə başlasınlar. İbadət edirlərsə də, bu ibadətləri artırmağa, ən əsas isə xalisləşdirməyə gözəl imkanları var. Çalışıb qəbir evinə hazırlıq görsünlər. Qəbiristan məzarlığı isə insana çox şey öyrədir, çox şey xatırladır. İnsan- qəbiristanlığı ziyarət etdikcə, Axirət yurdunu, qəbr evini, Axirət əzabını, qəbr əzabını, sorğu-sual gününü, Allahı xatırladır. Düşünmək, dərs almaq, ibrət götürmək üçün gözəl şans var. Ey dünya həyatını hələ ki, yaşayan insan, düşünmək üçün gözəl şansın var, bu şansı qaçırma!
Sonda biz oradan ayrıldıq. Qəbiristanlıq ziyarətimiz bizə Axirət səfərini və bu səfər üçün hazırlıq görməyimizi bir daha xatırlatdı. Bu isə çox şeyə dəyər!
Allah-Təala, bizləri Axirət səfəri və bu səfər üçün hazırlıq görmək haqqında düşünən insanlardan qərar versin!